“Yeni Şafak”: Türkiyədə qaz qovşağı layihəsi Putinin bəyanatından üç ay əvvəl hazırlanıb

Türkiyə universitetinin alimləri ölkədə ildə 75 milyard kubmetrə qədər yanacaq nəql etməyə imkan verən qaz qovşağının layihəsi hazırlayıblar.

“Report” xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti yazıb.

Qeyd olunub ki, Gümüşhane Universitetinin Mühəndislik fakültəsinin alimləri Rusiya prezidenti Vladimir Putinin Avropanı təmin etmək üçün mümkün qaz qovşağının yaradılması barədə açıqlamasından üç ay əvvəl “Türkiyə – Avrasiyanın enerji təhlükəsizliyində mərkəzi ölkə” mövzusunda magistrlik dissertasiyasını hazırlayıblar.

Geofizika Mühəndisliyi kafedrasının rəhbəri Nafiz Madenin sözlərinə görə, qaz kəməri layihəsi “proqnoz kimi” deyil, yalnız elmi tədqiqatların köməyi ilə hazırlanıb.

Madenin sözlərinə görə, təbii qazın Trakya vasitəsilə Avropaya üç qolda paylanması planlaşdırılır: şimal, cənub və orta. Belə ki, təbii qaz şimal qolu ilə Rumıniya, Sloveniya, Macarıstan və daha sonra Almaniyaya, cənub qolu ilə İtaliyaya, orta qol ilə isə Bolqarıstan, Albaniya, Kosovo, Makedoniya vasitəsilə Serbiya və digər ölkələrə nəql ediləcək.

Maden onu da vurğulayıb ki, işlənmə zamanı əlavə investisiyalar hesabına mərkəzin həcmini 50 milyard kubmetrdən 75 milyard kubmetrə çatdırmaq planlaşdırılır.

Bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə beynəlxalq qaz qovşağının ən qısa zamanda yaradılacağını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir