Vüqar Həşimovun məzarı ziyarət olunub

Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi İkinci Fəxri xiyabanda mərhum qrossmeyster Vüqar Həşimovun məzarını doğum günü ilə əlaqədar ziyarət edib.

AŞF-dən “Report”a verilən məlumata görə, ziyarətə onun yaxınları və komanda yoldaşları da qatılıb.

AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Vüqar Həşimovun adının ölkə idmanına qızıl hərflərlə yazıldığını söyləyib: “Vüqar Həşimov kişi şahmatçılardan ibarət millinin ilk Avropa çempionluğunda böyük fədakarlıq nümayiş etdirib. Tarixi çempionluqda onun böyük rolu olub. Vüqarın adı bizə çox əzizdir. Yeniyetmələr, gənclər Vüqar Həşimovun karyerasını, onun oynadığı partiyaları öyrənməlidir. Çünki Vüqarın karyerası onlara çox böyük dəstək olacaq. Onun bizimlə olmaması çox kədərlidir. Vüqar Həşimovun adı hər zaman Azərbaycan idmanında yaşayacaq. Çünki o adını ölkə idmanı tarixinə qızıl hərflərlə yazıb”.

Nazirliyin sektor müdiri Aydın Məmmədov Vüqar Həşimovun ölkə və dünya şahmatının inkişafında böyük işlər gördüyünü söyləyib. Nazirlik rəsmisi Vüqarın adının daim qəlblərdə yaşadığını vurğulayıb.

Mərhum şahmatçının atası Qasım Həşimov göstərilən diqqətə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Şahmat Federasiyasına təşəkkür edib. O, oğlunun irsinin öyrənilməsində qarşıda böyük planların olduğunu bildirib: “Bu gün Vüqarın doğum günündə artıq 8-ci dəfə yeniyetmə və gənclər arasında beynəlxalq turnirə start veriləcək. Vüqarın xatirəsinə turnir təşkil olunur, onun adı ilə şahmat klubu var. Amma partiyaları ümumiyyətlə karyerası dərindən öyrənilməlidir. Vüqarın kompüterində dəyərli təhlillər, partiyalar var. Onların hamısı öyrənilməli, xüsusi nəşr kimi çap olunmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir