Milli Məclis sədri: “Azərbaycan məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün sürətli bərpa işləri aparır”

“Hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün sürətli bərpa işləri aparır. Burada kommunikasiyaların bərpası, həyata keçiriləcək layihələr bütün regionun inkişafına təkan verəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ilə görüşdə deyib.

O, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında danışıb, müharibə zamanı Gürcüstanın tutduğu ədalətli mövqeyə və dəstəyə görə təşəkkürünü ifadə edib.

Sədr bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan 20 faiz ərazisini azad edərək ərazi bütövlüyünü bərpa edib: “Ölkəmiz bununla bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü həyata keçirib”.

Spiker diqqətə çatdırıb ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb.

Ş.Papuaşvili öz növbəsində iki ölkə arasında əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə yüksəldiyini, xüsusən siyasi, iqtisadi, nəqliyyat, ticarət, humanitar məsələlərdə möhkəm və uğurlu işbirliyi həyata keçirildiyini qeyd edib.

O, deyib ki, Gürcüstan və Azərbaycan bir-birini beynəlxalq təşkilatlar çərçivəsində hər zaman dəstəkləyir. Xalqlarımız arasında münasibətlərin tarixi köklərə əsaslandığını söyləyən spiker gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib. Gürcüstan parlamentinin sədri ölkəsinin həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini qeyd edib.

Gürcüstan spikeri Azərbaycanın işğaldan azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işləri və bu işlərdə Azərbaycan rəhbərliyinin tətbiq etdiyi müasir yanaşmanı təqdirəlayiq hesab etdiklərini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir