Azərbaycan çempionatında fərqlənən kikboksçular İslamiadaya yollanacaq

XXVI Respublika çempionatında fərqlənən kikboksçular Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında mübarizə aparacaqlar.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu barədə çempionatın Təşkilat Komitəsinin toplantısında qərar qəbul olunub.

Onlar kikboksinqin “lou kik”, “full kontakt”, “point faytinq” növlərində yüksək nəticələr göstərənlər arasından seçiləcəklər. Çempionat iki illik aradan sonra mayın 20-də start götürəcək. Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək yarış üç gün davam edəcək.

Toplantı iştirakçıları həmçinin çempionatda WAKO qaydalarının əsas götürülməsi və yarış reqlamentinin buna uyğun təşkili haqda müzakirə aparıblar.

Qeyd edək ki, AKF prezidenti Orxan Əliyevin rəhbərlik etdiyi Təşkilat Komitəsinə I vitse-prezident Ramal Aslanov, AKF-nin İdarə Heyətinin üzvləri – Eduard Məmmədov, Müşfiq Məmmədov, əsas millinin baş məşqçisi Elşən Abdulrəhimov, “full kontakt” üzrə yığma komandanın böyük məşqçisi Telman Məhərrəmov, yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyev, Hakimlər Kollegiyasının sədri Fəxrəddin Quliyev və onun müavinləri Aydın Ağabəyovla Anar Məmmədov üzv seçiliblər.

V İslam Həmrəylik Oyunları 9 – 18 avqustda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir