SOCAR əməkdaşları Zəfər Günü münasibəti ilə 3 minə yaxın ağac əkiblər

Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları Zəfər Günü münasibətilə kütləvi iməciliklər, ağacəkmə tədbirləri keçirib.

“Aztv tv” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, bu gün Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində keçirilmiş iməcilikdə, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin sayına uyğun olaraq, onların xatirəsinə 3 minə yaxın ağac əkilib. Tədbirdə SOCAR-ın rəhbərliyi, Vətən müharibəsində iştirakçısı olmuş 70-dən çox neftçi, eləcə də idarə və müəssisələrin təmsilçiləri iştirak ediblər.

Keçirilmiş iməciliklər SOCAR-ın fəaliyyət göstərdiyi ərazilərdə ətraf mühitə mənfi təsirləri minimuma endirmək məqsədi ilə aparılan genişmiqyaslı yaşıllaşdırma və abadlaşdırma işlərinin davamı olub, ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verib.

2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə qoşulan SOCAR “Nəsimi İli” çərçivəsində ölkəmizdə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib, 100 min ağac əkib. Ümumiyyətlə, bu günə qədər SOCAR əməkdaşları müxtəlif ərazilərdə 1 milyondan çox ağac-kol və gül bitkiləri əkib. Eyni zamanda son 15 il ərzində əvvəlki dövrlərdə neft və neft məhsulları ilə çirklənmiş 4040 hektarlıq mədən ərazilərinin 2 888 hektarı təmizlənərək bərpa edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir