“Qafqazinfo” ilə BŞTİ-nin birgə layihəsi – “Qazi müəllimlərimiz”

44 günlük Vətən Müharibəsində iştirak edən on minlərlə azərbaycanlı arasında müəllimlər də yer alıb. Təkcə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdən 38 müəllim müharibədə iştirak edərək qəhrəmanlıq göstərib. Onların hər biri qazi kimi geri dönərək yenidən müəllim fəaliyyətlərini davam etdirirlər.

Vətən Müharibəsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Qafqazinfo” xəbər portalı “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində 38 reportaj yayaraq həmin müəllimlər haqqında materiallar dərc edib. Bu yazılar cəmiyyətdə böyük marağa səbəb olmaqla yanaşı, həm də şagirdlərin hərbi vətənpərvərlik ruhunda yetişməsinə müsbət töhfə verib.

İctimaiyyət arasında da maraqla qarşılanan layihə başa çatandan sonra belə bir təşəbbüs yarandı ki, həmin reportajların toplusunu əks etdirən bir kitab dərc olunsun və bu vəsait ödənişsiz olaraq həm Bakı şəhəri üzrə, həm də ölkənin digər məktəblərinə paylanılsın.

Türkiyədə yüksək keyfiyyətlə dərc olunacaq kitabın nəşr xərcləri, təqdimatı və yayımına dəstəyi “Nar” öz üzərinə götürüb. Kitab “Nestor yayınları” tərəfindən nəşr ediləcək.

Bu gözəl təşəbbüsün qazi müəllimlərimiz haqqında məlumatın yayılmasında böyük rol oynayacağına, həmçinin gələcək nəsillərin tərbiyəsinə töhfə verəcəyinə inanırıq.

Qeyd edək ki, kitabın ilkin olaraq 2000 tirajla, təxminən 150 səhifə olmaqla, 4 rəngdə nəfis şəkildə nəşr olunması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir